GUAM-a üzv dövlətlər gömrük prosedurlarının asanlaşdırılması istiqamətlərini müəyyənləşdirir

  21-Dec-2016, 15:04

  1050

GUAM-a üzv dövlətlərin sərhədlərini keçən sərnişinlər , mallar və nəqliyyat vasitələrinə münasibətdə gömrük prosedurlarının asanlaşdırılması üçün birgə səylərin istiqamətləri müəyyənləşdirilir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 19-dan etibarən Ukraynanın Sxodnitsa qəsəbəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-a üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşü keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

GUAM-a üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin görüşündə son illər ərzində gömrük əməkdaşlığının nəticələri təhlil olunur, GUAM-a üzv dövlətlərinin sərhədlərini keçən sərnişinlər, mallar və nəqliyyat vasitələrinə münasibətdə gömrük prosedurlarının asanlaşdırılması üçün birgə səylərin istiqamətləri müəyyənləşdirilir. Görüşdə GUAM-a üz dövlətlərinin tranzit potensialını reallaşdırmaq və qarşılıqlı ticarəti təşviq etmək barədə məsələlərə də baxılır.

Tədbirdə GUAM-a üzv dövlətlərinin gömrük xidməti rəhbərlərinin birgə bəyanat qəbul edəcəyi gözlənilir.

Görüş dekabrın 23-dək davam edəcək.